1. İmam Məhdinin (əccələllahu təala fərəcəhuş-şərif) məşhur künyələrindən biri də Əba Saleh künyəsidir. Lakin bunu qədim hədis və tarix mənbələrinin heç birində tapa bilmədik. Bəzi hədislərdə qeyd olunur ki, “Saleh” və ya “Əba Saleh” səhrada itənlərə, azanlara yol göstərənə deyilir. İmam Sadiqdən (əleyhissəlam) nəql olunan hədisin mətni belədir:
“O zaman ki, yolu itirdin, belə səslə: “Ey Saleh, və yaxud ey Əba Saleh yolu bizə göstər. Allah sənə mərhəmət etsin!”
Kitabu mən la yəhzuruhul-fəqih, c.2, səh.298
2. Rəvayət olunmuşdur ki, yerin quru hissəsi Salehə tapşırılmış, onun dəniz və su ilə əhatə olunmuş hissəsi isə Həmzənin himayəsinə verilmişdir.
Kitabu mən la yəhzuruhul-fəqih c.2 səh.298
Bu iki hədisi Şeyx Səduq özünün “Kitabu mən la yəhzuruhul-fəqih” əsərində nəql etmişdir. Nə o, nə də bu kitabı şərh edənlərdən kimsə bu ləqəbi İmam Məhdiyə (əccələllahu təala fərəcəhuş-şərif) aid etməmişdir. Həmçinin Seyid ibn Tavus və Cəzairi demişdir ki, yolunu azmışlara imdad edən, onlara kömək göstərən cinin adıdır.
Əl-Əman min əxtaril-əsfar, səh,123;
Ət-tohvətus-sunniyyə (məxtut) səh.343)
Bu əsasla, Əba Saleh ləqəbinin İmam Məhdiyə aid olma səbəbini, bunun yayılmasını və hansı zamanda işlənməsini tapmalıyıq. Apardığımız tədqiqatlar nəticəsində bəlli oldu ki, hicri-qəməri tarixi ilə 11-ci əsrə qədər bu ləqəb İmam Məhdi (əccələllahu təala fərəcəhuş-şərif) üçün işlənməmişdir. Lakin Əllamə Məclisi öz atasından, o da Əmir İshaq Əstərabadi adlı bir şəxsdən nəql edir ki, o, Məkkə yolunu azarkən (Ya Saleh, ya Əba Saleh irşidunə iləttariq). Yəni mənə yolu göstər demiş, bu zaman bir şəxs peyda olaraq ona yardım etmiş və onu sürətlə Məkkəyə çatdırmışdır. O, belə nəticəyə gəlmişdir ki, bu şəxs İmam Məhdidir. Lakin fikrinə sübut olaraq heç bir dəlil göstərməmişdir. Qeyd edək ki, Mühəddis Nuri də oxşar hekayələri özünün “Cənnətul məva” kitabında nəql etmişdir. Lakin bildirmişdir ki, bu hekayələr həmin yol göstərən şəxsin İmam Məhdi olmasına dəlalət etmir.
Cənnətul məva, səh.293,300
Beləliklə, indiyə qədər Əba Saleh künyəsinin İmam Məhdiyə (ə.f) aid olmasına heç bir dəlil tapa bilməmişik və bu ləqəbin 11-ci əsrdən sonra İmam Məhdiyə aid olmasının əsas səbəbi sözügedən hekayələrdir ki, onların da heç biri bunu sübut edə bilmir. Lakin mən sizin diqqətinizi başqa bir nüansa çəkmək istərəm. Ənbiya surəsi 105-ci ayədə Allah buyurur ki, “Yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar”
İmam Baqir (ə) bu ayənin təfsirində belə buyurub: “Yer üzünə Mənim “saleh” bəndələrim varis olacaqlar”dan məqsəd İmam Məhdi (ə.f.) və Onun köməkçiləridir.”
Qummi təfsiri, c.2, səh.77,
Safi təfsiri, c.3, səh.357,
İsbatul-Huda, c.5, səh.146,
Biharul-Ənvar, c.51, səh.47
Biz şiələr də İmam Zamanın köməkçiləri (hərçənd ki, buna ləyaqətimiz çatmır), balalarıyıq və O ağa da bizim atamızdır. Çətinə düşdükdə Ya Əba Saleh deməyimiz kifayət edər ki, Atamız bizim yanımızda hazır olsun. Elə isə, çətinə düşdükdə niyə Əba Saleh deyib atamızı səsləməyəkki…
www.imamzaman.blog
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir.